Ibtidai siniflər üçün İnformatika kurikulumu
Informatika kurrikulumu və onun xarakterik cəhətləri. Azərbaycan Respublikasında ümumtəhsil məktəbləri üçün informatika fənninin kurrikulumu onun məqsəd və vəzifələrini, əhəmiyyətinin əsaslandırılmasını, fənnin xarakterik xüsusiyyətlərini, məzmun xətlərini və onların əsaslandırılmasını, ümumi təlim nəticələrini, məzmun standartlarını, alt-standartları, tədris prosesində üfüqi və şaquli inteqrasiyanı, fəndaxili və fənlərarası inteqrasiyanı, təlim strategiyalarını və qiymətləndirmə vasitələrini əhatə edir.
Bu kurrikulum ümumtəhsil məktəblərində informatika təliminin əsas məqsədlərini müəyyənləşdirməklə ümumi təlim nəticələrinə nail olmaq üçün bütün fəaliyyətləri əks etdirən və hər bir şagirdin imkan və ehtiyaclarına istiqamətlənmiş konseptual sənəddir. Kurrikulum təhsil işçiləri, məktəb rəhbərləri, müəllimlər, dərslik, dərs vəsaitləri metodiki tövsiyə müəllifləri, valideynlər, icma və ictimaiyyətin digər nümayəndələri üçün nəzərdə tutulmuşdur.I. İnformatika təliminin məzmunu
1.1. Ümumi təlim nəticələri
İbtidai təhsil pilləsi (I-IV siniflər) üzrə şagird:
· eynicinsli obyektlər qrupunda artıq əşyanı seçir, onları əlamətlərinə görə ayırır və müqayisə edir;
· hərəkətlər ardıcıllığında səhvləri tapır, buraxılmış addımı müəyyən edir;
· qanunauyğunluqları tapır və onların əsasında sadə modellər qurur;
· sadə riyazi alqoritmlər və layihələr tərtib edir;
· kompyuterlə sərbəst davranır, sadə əməliyyatları icra edir;
· qrafiki redaktorda rəsmlər çəkir, onları redaktə edir, rəsmlərə mətn daxil edir, alqoritmlərdən istifadə edərək mozaikalar qurur;
· mətn redaktorunda sadə mətnləri yığır, redaktə edir və onlara rəsmlər daxil edir.
Əsas təhsil pilləsi (V-IX siniflər) üzrə şagird:
· informasiya və kommunikasiya texnologiyalarının müasir cəmiyyətdə rolunu və əhəmiyyətini şərh edir;
· gündəlik həyatda və məişətdə lazım olan məsələləri kalkulyator rejimində həll edir;
· kompyuterdə istifadə olunan əməliyyat sistemini tənzimləyir;
· mətn redaktorunda sadə olmayan mətnləri yığır və formatlaşdırır, mətnə müxtəlif yaddaşlardan şəkillər daxil edir;
· qrafik redaktorda müəyyən çətinlik dərəcəsinə malik şəkillər hazırlayır, şəklin atributlarını dəyişdirir, onlara müvafiq mətnlər daxil edir;
· obyektin xassələrini, parametrlərini və mühitini təyin edir, obyektlər sistemini təsnif edir;
· obyektin informasiya modelini qurur və onun təbii modelini təsvir edir;
· informasiyanın xassələrini, kodlaşdırılmasını, qəbul edilməsi və ötürülməsini nümunələr əsasında izah edir;
· şəbəkə növləri vasitəsi ilə məlumatları axtarır, toplayır, sistemləşdirir və onlardan məqsədyönlü istifadə edir;
· müxtəlif təqdimatlar hazırlayır və nümayiş etdirir;
· elektron cədvəllərdən istifadə etməklə yeni sənədlər tərtib edir;
· müxtəlif şəbəkə növlərindən, şəbəkənin işini təmin edən proqram təminatından istifadə edir, sadə web səhifələr yaradır.
Orta təhsil pilləsi (X-XI siniflər) üzrə şagird:
· informasiyaları ölçür, təsvir edir və informasiya daşıyıcıları ilə işləyir;
· sadə məsələlərin həlli üçün müxtəlif strukturlu alqoritmlər tərtib edir, proqramlar hazırlayır və icra edir;
· sadə informasiya modellərinə uyğun informasiyaların işlənməsi alqoritmlərini qurur və qurulmuş modeli kompüüerdə tədqiq edir;
· kompyuterdə istifadə olunan əməliyyat sistemini tənzimləyir və lazımi əməliyyatları icra edir;
· qrafiki redaktorda müxtəlif təsvirlərin hissələrindən istifadə edərək yeni təsvir yaradır, mətn redaktorunda cədvəl-mətnlər yığır, formatlaşdırır, cədvəllər üzərində hesablamalar aparır, sənədləri çap edir;
· müxtəlif təqdimatlar hazırlayır, redaktə edir və ona multimedia effektlərini əlavə edir;
· elektron cədvəl prosessorunda və verilənlər bazasında müvafiq əməliyyatları icra edir;
· internetin əsas xidmətlərindən istifadə edir, müxtəlif dizaynlı web-səhifələr yaradır....
İnformatika kurikulumu (yükləmək)