Dövlət Proqramı
1. Ümumi əsaslar
1.1. Mövcud vəziyyət
Biliklərə əsaslanmış iqtisadiyyatın təşəkkül tapdığı şəraitdə
informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı ölkənin
intellektual və elmi potensialının vacib göstəricilərindən biridir. Tam
əminliklə demək olar ki, bu gün qloballaşan dünyada ölkələrin rəqabət
qabiliyyəti ilk növbədə onların İKT-dən səmərəli istifadəsi ilə
müəyyənləşməklə formalaşır.
İKT-nin təhsildə tətbiqi və inteqrasiyası Azərbaycan vətəndaşlarının
müasir biliklərə və bacarıqlara malik olan yeni nəslinin formalaşmasına
birbaşa təsir edən yüksək mahiyyətli məsələdir.
Son illər təhsil sistemində İKT infrastrukturunun inkişaf
etdirilməsi və təhsildə İKT-nin tətbiqinin dünya standartları
səviyyəsinə çatdırılması ölkəmizdə prioritet istiqamətlərdən biri
olmuşdur. Bu dövrdə təhsil sistemində İKT-nin tətbiqi sahəsində
müxtəlif layihələr və tədbirlər hazırlanıb həyata keçirilmişdir ki, bu
da ölkənin təhsil sahəsində aparılan islahatların çox vacib
mərhələlərdən biri olmaqla təhsil ocaqlarında İKT infrastrukturunun
qurulmasına yönəlmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 avqust tarixli
355 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında
ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları
ilə təminatı Proqramı (2005-2007-ci illər)” xüsusi əhəmiyyətə malik
olmuşdur. Proqramın həyata keçirilməsi nəticəsində ölkənin ümumtəhsil
məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təmin
olunmasında müsbət dinamikaya nail olunmuş, ümumilikdə təhsil
sisteminin İKT əsasında qurulmasına diqqət xeyli artmışdır.
Hazırda respublikanın 4562 ümumtəhsil məktəblərinin 82 faizi, 107
texniki-peşə müəssisəsinin 45-i və ya 42 faizi, 56 dövlət orta ixtisas
təhsil müəssisəsinin 51-i və ya 91 faizi, ali məktəblərin hamısı
kompüter avadanlığı ilə təmin olunmuşdur. 2007-ci ilin sonuna olan
məlumata görə, ümumtəhsil məktəblərində orta hesabla 5-11-ci siniflər
üzrə hər 29 şagirdə 1 kompüter, dövlət ali məktəblərində hər 28
tələbəyə 1 kompüter düşür.
Pedaqoji kadrların İKT üzrə hazırlığı diqqət mərkəzində olan
məsələlərdən olmuşdur. Son 3 ildə ümumtəhsil məktəblərində 12232 nəfər
müəllim informasiya və kommunikasiya texnologiyalarına dair xüsusi
hazırlıq kursları keçmişdir ki, bu da pedaqoji kadrların 7 faizini
təşkil edir. Dövlət ali məktəblərinin 12367 professor-müəllim
heyətindən 391 nəfəri (3,2%), orta ixtisas təhsil müəssisələrinin 90
müəllimi (1,3%) son 5 il ərzində informasiya və kommunikasiya
texnologiyalarına dair xüsusi hazırlıq kursları keçmişdir.
Ötən dövr ərzində ölkədə informasiya və kommunikasiya
texnologiyalarının təhsil sisteminə inteqrasiyası və təhsil prosesinin
məzmunca modernləşməsi sahəsində də bir sıra əməli işlər görülmüşdür.
Bütün təhsil pillələri üçün İKT üzrə proqramlar hazırlanıb təsdiq
edilmiş, distant təhsil üzrə ilk eksperimentlər aparılmağa
başlanılmışdır. Hazırda təhsil portalının informasiya resursları
formalaşmaqdadır, bəzi təhsil müəssisələrinin saytları yaradılmış və
aktiv halda saxlanılır. Təhsilin idarə olunmasının məlumat
sistemlərinin yaradılması, informasiya və kommunikasiya
texnologiyalarının ümumtəhsil məktəblərində tətbiqi və ümumtəhsil
məktəbləri üçün informasiya və kommunikasiya texnologiyaları sahəsində
ixtisaslı pedaqoji, həmçinin köməkçi heyət (laborant) kadrlarının
hazırlanması üzrə işlərə başlanılmışdır.
Bütün bunlarla bərabər, ölkənin təhsil sistemində müasir informasiya
və kommunikasiya texnologiyalarının tətbiqinin hazırkı səviyyəsi istər
dinamik inkişaf edən iqtisadiyyatımızın mövcud imkanları, istərsə də
dünya təhsil məkanına inteqrasiya baxımından qənaətbəxş hesab edilə
bilməz. Ölkədə təhsil ocaqlarının kompüter avadanlığı ilə təminatındakı
irəliləyişlərə rəğmən, bütövlükdə təhsil sisteminin informasiya
infrastrukturunun səviyyəsi günün tələblərindən uzaqdır.
Müasir təhsil texnologiyalarının genişmiqyaslı tətbiqi, ilk növbədə,
təhsil müəssisələrinin kompüter avadanlığı ilə təminatının köklü
şəkildə yaxşılaşdırılmasını nəzərdə tutur. Şagird (tələbə) / kompüter
nisbətinin bütövlükdə ölkə üzrə, xüsusilə də bölgələrdə və kənd
yerlərində optimallaşdırılması qarşıda duran ən vacib problemlər
sırasındadır. Lakin bu gün ölkənin təhsil sisteminin bütün pillələrində
kompüterlərə çıxış imkanlarının genişləndirilməsi zərurəti ilə yanaşı,
İKT avadanlığının daha səmərəli istifadə olunmasının, o cümlədən
texniki nəzarət və dəstək sisteminin təkmilləşdirilməsinin aktuallığı
qabarıq şəkildə hiss olunur. Xüsusən də rayon səviyyəsində texniki
nəzarət və dəstək sisteminin mövcud olmaması, yaxud günün tələbləri
səviyyəsində qurulmaması artıq quraşdırılmış kompüter avadanlığından,
rəqəmsal təhsil resurslarından tam səmərəli şəkildə bəhrələnmək
imkanlarını məhdudlaşdırır.
Araşdırmalar göstərir ki, respublikada təhsil prosesində rəqəmsal
texnologiyaların geniş istifadəsinə maneçilik törədən əsas amillərdən
biri rəqəmsal şəbəkə infrastrukturunun zəif inkişaf etməsi, təhsil
ocaqlarının ölkədaxili intranet şəbəkəsi ilə yetərli səviyyədə əhatə
olunmaması və yüksək sürətli internet əlaqəsi ilə təmin olunmamasıdır.
Belə ki, hazırda respublikanın ali məktəblərində internet əlaqəsi tam
təmin olunsa da, orta təhsil məktəblərinin təxminən 3 faizi, orta
ixtisas məktəblərinin isə 12 faizi internetə çıxış imkanlarına
malikdir. Təhsil müəssisələrinin böyük əksərinin veb-səhifələri
yaradılmamış, müəssisədaxili rəqəmsal şəbəkələri, həmçinin, vahid
ölkədaxili təhsil portalı formalaşdırılmamışdır.
Bununla yanaşı, multimedia xarakterli dərsliklərin və digər tədris
vasitələrinin işlənilməsi, yayılması və təhsil prosesində tətbiq
olunması ləngiməkdədir. Son dövrdə bu sahədə bir sıra tədbirlər həyata
keçirilmiş, elektron tədris sistemlərinin formalaşdırılması
istiqamətində əməli addımlar atılmışdır. Lakin İKT tətbiqi üzrə
elmi-metodiki bazanın təkmilləşdirilməsi, ümummilli səviyyədə vahid
elektron təhsil məkanının təşəkkül tapması günün əsas tələbi olaraq
qalır.
Azərbaycan Respublikasında təhsil sisteminin islahatları ilə bağlı
ən aktual məsələlərdən biri İKT tətbiq etməklə təhsilin idarə
olunmasının təkmilləşdirilməsidir. Bu sırada təhsildə İKT-nin tətbiqi
sahəsində yerli özünüidarə və dövlət orqanlarının fəaliyyətini
tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi, təhsil
sahəsində effektiv idarəetmə üçün zəruri olan və bu sahənin vəziyyətini
xarakterizə edən elektron məlumat bazası sistemi hazırlanıb
tamamlanması xüsusi diqqət tələb edir. Həmçinin, ölkənin təhsil
sisteminin yüksək İKT bilik və bacarıqlarına malik pedaqoji və inzibati
kadrlarla təminatının müasir standartlar səviyyəsinə çatdırılması
təxirəsalınmaz məsələ kimi qarşıda durur.
"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət Proqramı” (bundan sonra – Dövlət
Proqramı) qeyd olunan məsələlərin səmərəli və kompleks şəkildə həllinə
yönəlmişdir. Dövlət Proqramı Azərbaycan Respublikası Prezidentinin
2003-cü il 17 fevral tarixli 1146 nömrəli Sərəncamı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasının inkişafı naminə informasiya və
kommunikasiya texnologiyaları üzrə milli strategiya (2003-2012-ci
illər)" əsasında hazırlanmışdır.
1.2. Məqsəd və vəzifələr
Dövlət Proqramının əsas məqsədi təhsilin bütün pillələrində müasir
informasiya və kommunikasiya texnologiyalarının səmərəli tətbiqi və
istifadəsi ilə vahid ümummilli təhsil mühitinin formalaşdırılması və bu
zəmində əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq
imkanlarının təmin edilməsi, habelə ölkənin təhsil sisteminin dünya
təhsil məkanına inteqrasıya olunması üçün şərait yaradılmasıdır.
Bu məqsədə nail olmaq üçün aşağıdakı istiqamətlərdə müvafiq vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur .
Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi:
- təhsil müəssisələrinin informasiya-kommunikasiya üzrə
maddi-texniki bazasının təkmilləşdirilməsi, kompüter avadanlığı və
digər zəruri rəqəmsal avadanlıqla təminat işinin yaxşılaşdırılması;
- təhsil müəssisələrində İKT avadanlığına texniki nəzarət və dəstək
sisteminin təkmilləşdirilməsi, bu məqsədlə müəssisələrarası əlaqə və
əməkdaşlığın inkişaf etdirilməsi; - təhsil müəssisələrinin
korporativ şəbəkə infrastrukturunun, habelə şəbəkə infrastrukturunun
idarəetmə və nəzarət sisteminin yaradılması; - intranet xidmətlərinin işlənilməsi və internet şəbəkəsinə çıxışının təmin olunması.
Elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi:
- bütün fənlər üzrə müasir elektron elmi-metodiki vəsaitlər kompleksinin işlənilməsi və yayılması; - elektron təhsil (e-Learning) resursları bazasının yaradılması və tədris prosesinə inteqrasiyası; - ölkə daxilində distant təhsilin inkişaf etdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi; - təhsildə İKT-nin tətbiqi üzrə məlumat və resurs mərkəzinin yaradılması; - vahid təhsil portalının yaradılması və mütəmadi dəstəklənməsinin təmin olunması;
- təhsildə dünya informasiya resurslarından səmərəli istifadənin
təşkili, interaktiv tədris imkanlarından daha geniş istifadə
olunmasının dəstəklənməsi.
Təhsil sistemində idarəetmənin informasiyalaşdırılması:
- təhsil sahəsinin idarə olunmasında və tənzimlənməsində vahid
informasiya infrastrukturunun yaradılması, təhsilin idarə edilməsində
informasiya sistemləri və texnologiyaların səmərəli tətbiqinin təmin
edilməsi; - təhsilin idarə olunmasının məlumat sistemlərinin
(TİMS) inkişaf etdirilməsi, "elektron hökumət” prinsiplərinin
tətbiqinin genişləndirilməsi; - təhsilin idarə olunması
funksiyalarını yerinə yetirən dövlət orqanlarının İKT avadanlığı və
müvafiq proqram vasitələri ilə təmin olunması.
Kadr potensialının gücləndirilməsi:
- təhsil sisteminin pedaqoji və inzibati-idarəetmə heyətinin İKT
üzrə savadlılığının artırılmasına yönəldilmiş kompleks tədbirlərin
həyata keçirilməsi; - yeni metod və texnologiyalar vasitəsilə pedaqoji heyətin hazırlanma və ixtisasartırma sisteminin təkmilləşdirilməsi;
- bölgələrdə və xüsusilə də kənd yerlərində və ucqar rayonlarda təhsil
müəssisələrinin İKT üzrə kadr təminatının yaxşılaşdırılmasına
istiqamətlənmiş tədbirlərin həyata keçirilməsi; - yaradıcı və innovativ müəllimlərin obyektiv qiymətləndirilməsi və səmərəli motivasiyası sisteminin yaradılması.
Normativ hüquqi bazanın təkmilləşdirilməsi:
- informasiya və kommunikasiya texnologiyalarının təhsil sistemində
istifadəsi və tətbiqi ilə bağlı mövcud normativ hüquqi aktların və
normativ sənədlərin monitorinqinin aparılması; - təhsilin
idarəedilməsi və tədris prosesinin informasiyalaşdırılması sahəsində
zəruri norma və standartların işlənilməsi və həyata keçirilməsi;
- Dövlət Proqramının məqsəd və vəzifələri baxımından İKT vasitələrinin
istifadəsi və təhsildə tətbiqi məsələləri ilə bağlı normativ hüquqi
bazanın təkmilləşdirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi.
1.3. Dövlət Proqramının maliyyə təminatı
Dövlət Proqramının icrası üçün tələb olunan maliyyə vəsaitləri
Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericiliyə zidd
olmayan digər mənbələr hesabına təmin edilir.
1. 4. Dövlət Proqramının icrasından gözlənilən nəticələr
Dövlət Proqramının həyata keçirilməsindən aşağıdakı nəticələr gözlənilir:
- təhsil müəssisələrinin İKT avadanlığı ilə təminat göstəriciləri
köklü şəkildə yaxşılaşdırılacaq, bütün təhsil müəssisələrində hər bir
şagirdə düşən kompüter nisbəti ən azı 20:1-ə çatdırılacaq; - bütün fənlər üzrə elektron tədris və metodiki resurslar yaradılacaq; - bütün fənlər üzrə tədris planlarında və kurrikulumlarda İKT-dən istifadə əks etdiriləcək;
- ümumtəhsil müəssisələrinin yeni nəsil rəqəmsal tədris resurslarından
istifadə imkanları yaranacaq, proqram resurslarından səmərəli istifadə
olunacaq; - yeni təlim formaları (distant təhsil daxil olmaqla) tətbiq və istifadə olunacaq;
- bütün təhsil müəssisələrini əhatə edən ölkədaxili korporativ və
yüksək sürətli internet şəbəkəsinə çıxış imkanı təmin ediləcək; - cəmiyyətin təhsil sistemində mövcud proseslərə cəlb edilməsi və maarifləndirilməsi üçün vahid təhsil portalı yaradılacaq;
- İKT-nin təhsilin idarəedilməsinə səmərəli inteqrasiyası təmin
ediləcək, təhsilin idarə olunmasının və monitorinqinin effektivliyi
artırılacaq; - təhsil prosesinin idarə edilməsi üçün təhsil müəssisələri avtomatlaşdırılmış iş yerləri ilə təchiz olunacaq;
- təhsil sisteminin pedaqoji və inzibati-idarəetmə kadrlarının İKT üzrə
bilik və bacarıqları yüksələcək, yerli ekspert potensialı
gucləndiriləcək; - bütün təhsil pillələri üzrə məzunların sosial,
peşə və mədəni həyatında İKT üzrə uzun illər istifadə edəcəyi bilik və
bacarıqlar qazanılacaq; - innovativ və yaradıcı müəllimlər dəstəklənəcək; - əhalinin bütün təbəqələri üçün keyfiyyətli və İKT əsaslı tədris proqramı ilə təhsil almaq imkanları təmin olunacaq; - İKT-nin təhsil sisteminə inteqrasiyası sahəsində hüquqi, normativ, elmi-metodiki və sənədlərin bazası formalaşacaq.
Sıra №-si
|
Tədbirlərin adı
|
İcraçılar
|
İcra
müddəti
(illər)
|
Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi
|
2.1.
|
Təhsil müəssisələrinin informasiya-kommunikasiya üzrə maddi-texniki
bazasının təkmilləşdirilməsi, kompüter avadanlığı və digər zəruri
rəqəmsal avadanlıqla təminat işinin yaxşılaşdırılması
|
Təhsil Nazirliyi,
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi,
aidiyyəti orqanlar
|
2008-2012
|
2.2.
|
Təhsil müəssisələrində İKT avadanlığına texniki nəzarət və dəstək
sisteminin təkmilləşdirilməsi, bu məqsədlə müəssisələrarası əlaqə və
əməkdaşlığın inkişaf etdirilməsi
|
2008-2010
|
2.3.
|
Təhsil müəssisələrinin korporativ şəbəkə infrastrukturunun, habelə
şəbəkə infrastrukturunun idarəetmə və texniki nəzarət sisteminin
yaradılması
|
2008-2010
|
2.4.
|
İntranet xidmətlərinin işlənilməsi və internet şəbəkəsinə çıxışının təmin olunması
|
2008-2011
|
Elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi
|
2.5.
|
Bütün fənlər üzrə müasir elektron elmi-metodiki vəsaitlər kompleksinin işlənilməsi və yayılması
|
Təhsil Nazirliyi,
aidiyyəti orqanlar
|
2008-2012
|
2.6.
|
Elektron təhsil (e-Learning) resursları bazasının yaradılması və tədris prosesinə inteqrasiyası
|
2008-2010
|
2.7.
|
Ölkə daxilində distant təhsilin inkişaf etdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi
|
2010-2012
|
2.8.
|
Təhsildə İKT-nin tətbiqi üzrə məlumat və resurs mərkəzinin yaradılması
|
2008-2009
|
2.9.
|
Vahid təhsil portalının yaradılması və mütəmadi dəstəklənməsinin təmin olunması
|
2008-2009
|
2.10.
|
Təhsildə dünya informasiya resurslarından səmərəli istifadənin
təşkili, interaktiv tədris imkanlarından daha geniş istifadə
olunmasının dəstəklənməsi
|
2010-2012
|
Təhsil sistemində idarəetmənin informasiyalaşdırılması
|
2.11.
|
Təhsil sahəsinin idarə olunmasında və tənzimlənməsində vahid
informasiya infrastrukturunun yaradılması, təhsilin idarə edilməsində
informasiya sistemləri və texnologiyaların səmərəli tətbiqinin təmin
edilməsi
|
Təhsil Nazirliyi
|
2009-2010
|
2.12.
|
Təhsilin idarə olunmasının məlumat sistemlərinin (TİMS) inkişaf
etdirilməsi, "elektron hökumət” prinsiplərinin tətbiqinin
genişləndirilməsi
|
2010-2012
|
2.13.
|
Təhsilin idarə olunması funksiyalarını yerinə yetirən dövlət
orqanlarının İKT avadanlığı və müvafiq proqram vasitələri ilə təmin
olunması
|
2009-2010
|
Kadr potensialının gücləndirilməsi
|
2.14.
|
Təhsil sisteminin pedaqoji və inzibati-idarəetmə heyətinin İKT
üzrə savadlılığının artırılmasına yönəldilmiş kompleks
tədbirlərin həyata keçirilməsi
|
Təhsil Nazirliyi,
aidiyyəti orqanlar
|
2008-2012
|
2.15.
|
Yeni metod və texnologiyalar vasitəsilə pedaqoji heyətin hazırlanma və ixtisasartırma sisteminin təkmilləşdirilməsi
|
2008-2009
|
2.16.
|
Bölgələrdə və xüsusilə də kənd yerlərində və ucqar rayonlarda təhsil
müəssisələrinin İKT üzrə kadr təminatının yaxşılaşdırılmasına
istiqamətlənmiş tədbirlərin həyata keçirilməsi
|
2008-2012
|
2.17.
|
Yaradıcı və innovativ müəllimlərin obyektiv qiymətləndirilməsi və səmərəli motivasiyası sisteminin yaradılması
|
2008-2009
|
Normativ hüquqi bazanın təkmilləşdirilməsi
|
2.18.
|
İKT-nin təhsil sistemində istifadəsi və tətbiqi ilə bağlı mövcud
normativ hüquqi aktların və normativ sənədlərin monitorinqinin
aparılması
|
Təhsil Nazirliyi,
aidiyyəti orqanlar
|
2008-2010
|
2.19.
|
Təhsilin idarəedilməsi və tədris prosesinin informasiyalaşdırılması
sahəsində zəruri normativ və standartların işlənilməsi və həyata
keçirilməsi
|
2.20.
|
Dövlət Proqramının məqsəd və vəzifələri baxımından İKT vasitələrinin
istifadəsi və təhsildə tətbiqi məsələləri ilə bağlı normativ hüquqi
bazanın təkmilləşdirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi
|
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 iyun tarixli Sərəncamı ilə təsdiq edilmişdir.
|