Baş səhifə » 2011»İyul»21 » Azərbaycan məktəbliləri İnformatika üzrə Beynəlxalq Olimpiadada iştirak edəcəklər
23:52
Azərbaycan məktəbliləri İnformatika üzrə Beynəlxalq Olimpiadada iştirak edəcəklər
Taylandın kurort məkanı Pattay iyulun 22-dən 29-dək kompyuter elmi
sahəsində yüksək bilik və intellektual səviyyə nümayiş etdirmək əzmində
olan gənc virtuozların mübarizə meydanına çevriləcək. Tədbirin
təşkilatçıları Tayland Təhsil Nazirliyi, Elm və Texnologiyaların
İnkişafı İnstitutudur.
Bilik yarışında dünyanın 84 ölkəsindən olan yuxarı sinif şagirdləri
iştirak edəcəklər. Olimpiadada ölkəmizi Türkiyə Dəyanət Vəqfi Bakı Türk
Liseyinin və Bakı Özəl Türk Liseyinin 9-11-ci sinif şagirdlərindən
ibarət komanda təmsil edəcək.
Qeyd edək ki, Azərbaycan məktəblilərinin bu il Taylandda keçiriləcək
İnformatika üzrə Beynəlxalq Olimpiadada iştirakına hazırlıq məqsədilə
AMEA İTİ-nin Tədris-İnnovasiya Mərkəzinin nəzdində Olimpiya Mərkəzi
yaradılmışdır. AR Təhsil Nazirliyi, AMEA İnformasiya Texnologiyaları
İnstitutunun təşkilati və elmi-metodiki, Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin maliyyə dəstəyi ilə olimpiadaya hazırlıqlar
1 iyun tarixindən 17 iyuladək davam edib. Komanda üzvlərinə
informatikanın riyazi əsasları, alqoritmlərin işlənib hazırlanması və
analizi, proqramlaşdırmanın əsasları, əməliyyat sistemləri,
proqramlaşdırma texnologiyasının əsasları, hesablama metodları və
modelləşdirmə, kompyuter şəbəkələri texnologiyaları sahəsinə dair bilik
və bacarığının daha da artırılması, bu biliklərin mürəkkəb məsələlərin
həllində qısa zamanda tətbiq edilməsi qabiliyyətinin formalaşması
istiqamətində dərslər aparılıb. Treninqlər Bakı Dövlət Universitetinin
dosenti, fizika-riyaziyyat elmləri namizədi Ramin Mahmudzadənin
rəhbərliyi altında İTİ, BDU və digər ali təhsil müəssisələrinin aparıcı
alim və mütəxəssisləri tərəfindən aparılmışdır.
İnformatika üzrə Beynəlxalq Olimpiada ilk dəfə 1989-cu ildə
Bolqarıstanda keçirilib. Artıq 22 ildir ki, keçirilən olimpiada bu il
Tayland Krallığı tarixində ilk dəfə təşkil ediləcək.